Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Antiterror tədbirləri zamanı şəhid olan tankçı Samir Məmmədov dəfn edildi

5/5

  • Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı
    antiterror tədbirləri zamanı şəhid olan Məmmədov Samir Aqil oğlu Ağcabədi Şəhidlər
    Xiyabanında dəfn edildi.

     Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, Xocalı və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etdilər.

    Xocalininsesi.az bildirir ki, Məmmədov Samir Aqil oğlu 2000-ci ilin may ayının 20-də Naftalan şəhərində anadan olmuşdur. Əslən Ağcabədi rayonunun
    cəsur oğulların doğulduğu Yuxarı Qiyamaddınlı kəndindəndir. Ata-babası Xocalıda
    yaşayıb. 

    Samir Məmmədov birinci
    sinfə 2006-cı ildə Ağdam rayonunun Ergi kəndində gedib. Sonradan ailəsi Goranboy
    rayonunda məcburi köçkünlər üçün salınmış Yuxarı Ağcakənd qəsəbəsinə köçüb.
    2017-ci ildə Xocalı şəhər 5 saylı tam orta məktəbindən məzun olub.

    Vətəni özünə ikinci Ana bilən
    Samir uşaqlıq çağlarından Qarabağın azadlığını görməyi özünə təsəlli sayırdı.
    Orta məktəbi bitirdikdən sonra, 2018-ci ilin iyul ayından 2020-ci ilin yanvar
    ayına qədər Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə nümunəvi
    əsgərlik çəkən Samir Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyirdi.

    Samir Məmmədov 2020-ci ilin
    aprel ayından müddətdən artıq həqiqi hərbi
    xidmətə qəbul edilib. Sentyabrın 27-də başlayan Vətən müharibəsində
    tankçı kimi iştirak edib. Onun döyüş yolu Talış, Suqovuşan kəndləri və Ağdərə
    istiqamətində olub. Müddətdən artıq həqiqi hərbi xidmətə bir neçə aydır başlamasına baxmayaraq, cəsur
    döyüşçümüz öz hünəri ilə fərqlənib. Şanlı zəfər tarixinə adını yazdıran Samir
    Məmmədovun idarə etdiyi tank üç dəfə vurulsa da, ona verilən döyüş tapşırığını
    sona qədər yerinə yetirib. Artıq tankının idarə edilməsinin mümkün olmadığını
    görən qorxmaz döyüşçü avtomatı əlinə alaraq irəli atılıb. Samir Məmmədov 44
    günlük haqq savaşımızda xidmətlərinə görə Cənab Prezidentin müvafiq Sərəncamına
    əsasən, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.

    Samir qabaqda
    torpaqlarımızın suverenliyi uğrunda hələ bir döyüşünün də olduğunu bilirdi.
    Çünki Xocalı soyqırımında şəhid olan atasının bibisi qızı, bibisinin iki
    nəvəsinin ruhları Xocalının düşmən tapdağından tamamilə təmizlənməsi ilə
    rahatlıq tapacaqdı. Onun döyüş yolunun əsas qayələrindən biri döyüş meydanında
    Xocalı qisasını almaq idi. Samir sentyabrın 19-da başlanan antiterror
    tədbirlərinin onun qisas arzusunun həyata keçməsi üçün bir imkan sayırdı. Qalib ordunun qalib əsgəri daha bir döyüşdən zəfərlə çıxmaq üçün
    budəfəki döyüş tapşırığını da layiqincə yerinə yetirməyə hazır idi. Hədəf,
    amal bəlli idi: terrorçuları torpaqlarımızdan təmizləmək, bayrağımızı azad
    torpaqlarımızda dalğalandırmaq və suverenliyimizi bərpa etmək. 

    Antiterror tədbirlərində
    Samir Məmmədovun döyüş yolu Ağdərə döyüşləri ilə başladı. İgid tankçımız
    verilən tapşırıqları məharətlə yerinə yetirərək terrorçulara sarsıdıcı zərbələr
    endirdi. Pusquda dayanan mənfur düşmənin atdığı tank əleyhinə raketlə Samirin döyüş apardığı tank partladılaraq yandırıldı. O, digər tankçı
    yoldaşları ilə birlikdə şəhidlik zirvəsinə ucaldı. Sentyabrın 29-u DNT
    analizinin cavabına əsasən, şəhidimizin cənazəsi son mənzilə salınması üçün
    Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşadığı evə gətirildi. Şəhid
    Samir Məmmədov izdihamla Vətən müharibəsində şəhid olan bibisi nəvəsi Miriyev Sənan
    Arif oğlunun torpağa tapşırıldığı Ağcabədi Şəhidlər Xiyabanında dəfn edildi.

    Samir Məmmədovun və digər
    şəhidlərimizin qisası düşməndən döyüş meydanında alındı. Şəhidimizin bibisinin
    nəvəsi Miriyev Surət Vəli oğlu Vətən müharibəsində olduğu kimi, antiterror
    tədbirlərində də qəhrəmancasına döyüşərək yaralandı. Onların amalı, arzusu
    qəhrəman əsgər və zabitlərimiz tərəfindən layiqincə yerinə yetirildi. 24 saat
    ərzində düşmən diz çökərək ağ bayraq qaldırdı. Bununla da Qarabağda
    suverenliyimiz bərpa olundu.

    Qəhrəmanlıq salnamələrində adı cəsur tankçı kimi tarixə yazılan Samir Məmmədov xalqımızın qəlbində əbədi yaşayacaqdır. Məkanı cənnət olsun!   
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib44 dəfə
    antiterror tədbirləri zamanı şəhid olan tankçı samir məmmədov dəfn edildi

    Maraqlı gələ bilər
    24
    24
    33